İstənilən bir məclisdə yol polislərindən söz düşəndə narazılıq dolu baxışlara rast gəlirik. Hər bir sürücü nəsə narazılıq edir. Elə ki, yol polislərinin yaxşı əməllərindən danışıb bir-iki kəlmə deyirsən, çoxunun fikri dəyişir və "içərilərində yaxşıları da var, "onlar olmasa bəzi sürücülər camaatı basıb əzər, "qayda pozmayanı saxlamırlar kimi fikirlər ortaya çıxır.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, mətbuatda  yol polisi ilə bağlı daim mənfi və müsbət yazılar yazılır və onların kobudluğu, nöqsanları, qayda pozması və bu kimi digər əməlləri ilə yanaşı, yaxşı işləri, xeyirxah əməlləri də qeyd olunur. 

Təqdim etdiyimiz bu fotolar dünən çəkilib. Fotolrın sahibi motosikletçi DYP əməkdaşıdır. Belə ki, səhər saat 7-dən axşam saat 8-ə kimi xidmətdə olan, bəzən tədbirlərə görə gecə saat 12-dən sonra evə gedən yol polislərinin çoxunun bədənində, sağlamlığında buna bənzər iz tapmaq olar. Amma söhbət əsnasında öyrəndik ki, bu hələ yaxşıdır. Bəzilərinin qolu suluq bağlayıb. Hamısı qızmar havada xidmətdə olmaqdan irəli gəlir. Bəli, bu, onların işidir. Ancaq ağır işdir. Bəzən onları qınayırıq, ittiham edirik. Lakin onların gərgin iş prosesini nəzərə almadan haqsız ittihamlar da səsləndiririk.

Bəzən deyirlər ki, yol polisləri yollarda çoxdur. Amma düşünmürlər ki, bizim cəmiyyətin psixologiyası hələ polissiz yola öyrəşməyib. Bizim sürücülərin 90 faizi polis, radar və kamera görəndə özünü yığışdırır, qaydalara əməl edir. Elə ki, polissiz, kamerasız yol gördülər şirə-pələngə dönürlər. Axırı da qəza, ölüm və ağır xəsarətlər bitir. Odur ki, yollarımızda məhz sürücülərin özlərini qoruyan yol polislərinin hamısına qarşı pis münasibətdən uzaq olmaq lazımdır. Onların hamısı eyni deyil. Necə ki, sürücülərin hamısı eyni olmur...

P.S. Düşündüm ki, yol polisinin mənfi yüklü foto və videolarını yaydığımız kimi, onların çəkdiyi əziyyəti də demək lazımdır. Pisə pis, yaxşıya yaxşı demək daha ədalətli olar. Təcrübədən deyirəm ki, yol polislərinin yaxşı əməllərindən danışanda müsbət dəyişikliklər hiss olunur.