Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rikanın xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.

Unikal.org xəbər verir ki, xarici işlər naziri Manuel Qonzales Santsu Kosta Rikanın Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlət başçısına çatdırıb.

Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirib. Azərbaycana axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu deyib.

Dövlət başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirib ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Kosta Rikanın Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.