Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və bir ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5, 45 millimetrlik mərmi, bir ədəd 7, 62 millimetrlik mərmi, 4 ədəd 9 millimetrlik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd “Makarov” tipli tapança olduğu müəyyən edilib.

Aşkar edilən silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.