"Biz Silahlı Qüvvələr Günü ərəfəsində tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir.
Unikal.org-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir: "Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək.
Bununla bərabər, son illər ərzində hərbçilərin xidmət və məişət problemləri də öz həllini tapmışdır. Son illərdə bir çox hərbi bazalar, şəhərciklər istifadəyə verilmişdir, hərbçilərin xidmət şəraiti böyük dərəcədə yaxşılaşmışdır. Məişət şəraiti də yaxşılaşır. Hazırda qəbul edilmiş qərarlar əsasında 20 il və 20 ildən çox qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Hesab edirəm ki, bu da dünya miqyasında çox nadir hallarda müşahidə olunur. Bu da Azərbaycan dövlətinin həm sosial siyasətini ifadə edir, eyni zamanda, Azərbaycan dövlətinin öz hərbçilərinə olan diqqətini göstərir.
Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın".