Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.
Unikal.org-un xəbərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Məlumat verildi, Masazır qəsəbəsindəki "Yeni Bakı yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.
Ümumilikdə 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki "Energetika pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilib.
Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı, yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.