Onun 12 yaşı var. Lakin çiyinlərində böyüklərin belə bəzən bacara bilmədiyi ağır yük daşıyır. Balaca qəhrəmanım gündəlik qazancını təkər qaraltmaqla çıxarır, təkcə özünün yox, xəstə anasının, üç bacısının ehtiyaclarını ödəyir. 

Kiçik yaşlarından həyat mübarizəsinə başlayan  Əbdül Əbdülovla təsadüfən, "28 may" metrostansiyası yaxınlığında çəkiliş apararkən qarşılaşdım. Əyinində köhnə paltar, ayağında cırıq ayaqqabısını görəndə  onu qaraçı uşaqlarından biri sandım. Gözü elə hey əlimdəki kamerada idi. Maraqla baxıb, onun necə çalışması ilə maraqlanmağa başladı. Nəhayət, bu balaca oğlan çəkiliş prosesindən diqqətimi yayındıra bildi. Əvvəlcə o, sual-cavaba başladı. 

"Nə çəkirsən?",  "Mən də çəkə bilərəm?", "Nə sualı verirsən camaata?"... Uşaq marağı ilə ard-arda verdiyi sualları cavablandırdım, sonra da mən onun həyatı ilə maraqlanmağa başladım. 
 
 
 
Azyaşlı olmağına baxmayaraq, Əbdülün həyat hekayəsi  çox təsirlidir.  Hamı kimi onun da ailəsi var. Anası və iki bacısı, bir də ögey atası... Sonuncu şəxsin ona olan yad münasibəti üzündən Əbdül evlərində gecələyə bilmir. Lakin buna baxmayaraq o, anasını və bacılarını atmır, evindən uzaqlaşmır, cüzi qazancı ilə onların ehtiyaclarını ödəyir. 

"Öz doğma atam həyatda olsa da, artıq illərdir ki, görüşmürük. Ayrılmışıq...(fikrə gedir) İndi ki ögey atamla da "aram yoxdur". Bu səbəbdən də onlarla yaşamıram. Gündəlik  3 manatlıq daxmada qalıram. Ona görə də çox işləməli oluram".
 
 
 
Gündə 8 manat qazanıram...


Əbdül başqa küçə uşaqlarından çox fərqlənir. 12 yaşı olsa da, yaşından çox bildiyi, bacarıqlı olduğu hiss olunur. Gündəlik qazancını alının təri ilə qazandığını və heç kimə yemək və yaxud pul üçün əl açmadığını deyir. Sözlərinin doğruluğuna inanmaq üçün onu bir qədər izləmək yetər ki, nə qədər zəhmətlə 8 manatı qazandığınn şahidi olasan. Elə mən də söhbətimizi yekunlaşdırıb, qəhramanımın izinə düşürəm. Bir qədər keçdikdən sonra yol kənarında 1-2 avtomobilin təkərini qaraldıb, 80 qəpik alır. Oradan isə "28 may" metrostansiyasının yaxınlığındakı şirniyyat evinə gedir. 

 
 
Ardınca, içəri daxil oluram. Əbdül kassanın yanına yaxınlaşıb nahar üçün yemək almaq istəyir. Yaxınlaşıb onun sifariş verdiyi çay və şirniyyat pulunu ödəmək istəyirəm. Lakin "olmaz, mən dilənçi deyiləm"deyib,   acıqlanır. Cibindən bir qədər öncə qazandığı pulu çıxarıb kassaya ödəniş edir. Qüruru tapdanmış kimi masada əyləşir və acıqlı-acıqlı mənə baxır. Bir qədər sonra istehza ilə "gəl əyləş" deyir. Beləcə söhbətimizə davam edirik. Ətrafdakıların onun nimdaş geyiminə aşağılayıcı baxışlarından da qəzəblənir. Ətrafa "nə olub, nəyə baxırsan" –deyə qışqırır.
 
 
İkinci iş yeri kimi əl- ayaq işləri...
Qəhrəmanımın həyatda ən böyük arzusu ev ustası olmaqdır. O, arzusuna çatmaq üçün həftənin müəyyən saatlarında usta yanında fəhlə kimi çalışır. Məqsədinə çatmaq üçün usta yanında əl-ayaq işləri görür, divar rəngləmək, "oboy" çəkmək və sairə işləri də bacarır. Bu işdən də gəliri olduğunu deyir. Elə olur ki, gündə 15 manat qazanır. Deyir ki, indi çox kişilər onun qazandığını qazana bilmir. 

Əbdül şəhərdə bütün günü küçələrdə olduğu üçün insanların xarakterlərinə də yaxşı bələddir. O deyir ki, işini gördüyü insanlar bəzən onun  pulunu vermirlər: "Yaşadığım yerdə bina evlərindən səsləyib nə isə almağı istəyirlər. Kiminin zibilini atıram, kimi üçün isə mağazaya gedib alış-veriş edirəm. Bu işlərimə görə, adətən  50 qəpik pul verirlər. Amma haqqıma girənlər də olur. Elə ailələr var ki, imkanlıdır, amma pul verəndə canları çıxır".

Ancaq Əbdülün bacarığını görüb, ona yaxşı bəxşiş verənlər də olub: "Bir dəfə Novxanıda bir kişinin maşınının təkərini qaraltdım. Elə səliqəli işlədim ki, xoşuna gəldi, çıxarıb 100 manat verdi. Həmin gün evə taksi ilə gəlmədim, avtobusla gəldim. Çünki, pulun qədrini bilmək lazımdır. Bu gün varsa, sabah olmaya da bilər".

Danışıb qurtarandan sonra, böyük ədası ilə "sağ ol, qaqa, görüşərik" deyib ayrılır. Yaşadığı yerə getməyimizi isə istəmir. İti addımlarla uzaqlaşıb, növbəti müştərisini axtarmağa gedir. (Musavat.com)