"Hazırda rayonda vəziyyət stabildir. İstər Alxanlıda, istərsə də digər ətraf kəndlərdə vəziyyət normaldır".
Unikal.org bildirir ki, bunu Milli.Az-a açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda müki əhalini və mülki obyektləri atəşə tutması və günahsız insanları qətlə yetirməsindən sonra rayonda və ermənilərlə təmas xəttindəki kəndlərdəki vəziyyət barədə məlumat verərkən deyib.
A.Alıyevin sözlərinə görə, əhali ermənilərin bu cür təxribatlarından qorxmur və heç yerə də gedən deyil: "Ermənilər bununla bizi qorxuda bilməzlər. Onlar belə təxribatları çox törədiblər. İndi də əhali arasında heç bir qorxu yoxdur. Hamı əkin-biçinlə məşğuldur. Bu saat həmin ərazilərdə kombaynlar işləyir, camaat pambıq becərir. Biz gündəlik iş rejimimizlə məşğuluq. Ona görə də narahatçılığa heç bir əsas yoxdur".
Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.