İsrailin Azərbaycandakı səfiri Dan Stav, eləcə də səfirliyin əməkdaşları Quba rayonuna səfər ediblər.
İsrailin Azərbaycandakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, səfər zamanı diplomatlar Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov ilə görüşüblər.
Görüş zamanı İsrail və rayon arasında xüsusən kənd təsərrüfatı və insan resursları sahəsində tərəfdaşlıq münasibətlərinin yaradılması müzakirə olunub.
Səfir yəhudi icmasının rayonda digər icmaların sülh və harmonik birgəyaşayışından və əməkdaşlığından məmnunluğunu ifadə edib. D.Stav və onun komandası həmçinin Qırmızı Qəsəbədəki yəhudi icmasının nümayəndələri ilə görüşüb. Görüş zamanı konsulluq və digər məsələlər müzakirə olunub.
Səfər zamanı D.Stav həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib və fəxri qonaqlar üçün kitabda qeydlərini edib.