Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, vətəndaşlarla görüşündə S.Müslümov aktiv əmək bazarı proqramlarının uğurla davam etdirildiyini vurğulayıb. 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirəyə çıxarılan qanun layihəsi də digər məqsədlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Qəbul zamanı müraciətlər dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
"Sərəncamın icrası çərçivəsində Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında 20-dən çox fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda bu rayonlarda həmin təbəqələrdən olanlar üçün daha 11 ev inşa olunur və yaxın aylarda yeni evlərin tikintisinə da başlanacaq, - deyə S.Müslümov bildirib.
Nazir bildirib ki, kənd təsərrüfatının inkişafı yönündə həyata keçirilən kompleks tədbirlər Lənkəran iqtisadi rayonunda da bu bölgə üçün ənənəvi iqtisadi sahələrin, o cümlədən çayçılığın, çəltikçiliyin, tərəvəzçiliyin və s. dirçəlməsinə səbəb olub: "Bununla bərabər, növbəti sənaye zonasının Masallı rayonunda yaradılması işləri, bölgənin turizm infrastrukturunun inkişafına yönələn tədbirlər və s. yerli əmək resurslarının məşğulluq imkanlarını əhəmiyyəti şəkildə artırıb. Ötən ay isə Azərbaycan prezidentinin imzaladığı "Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 8 iyun 2017-ci il tarixli Sərəncam bu rayonda abadlıq-quruculuq işlərinin davam etməsinə, rayonun turizm potensialının daha da təkmilləşməsinə imkan verəcək, digər tərəfdən bu istiqamətdə görüləcək tədbirlər yeni iş yerlərinin yaranmasına səbəb olacaq.
S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən də bəhs edib: "Bu tədbirlər nəticəsində cari ilin 6 ayında Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında da 2 min nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, 60 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Özünüməşğulluq proqramı çərçivəsində də həmin rayonlarda məqsədyönlü işlər aparılır. Bu rayonlar üzrə 90 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramında iştirak edir ki, onlardan artıq 85 nəfərinə aktivlər (mal və materiallar) verilib, yaxın günlərdə digərlərinə də təqdim olunacaq. Ümumilikdə isə ölkə üzrə artıq 800 nəfər insan özünüməşğulluq proqramı çərçivəsində nazirlik tərəfindən verilmiş aktivlər hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə təsərrüfatlarını yaradıb.
Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, reabilitasiya vasitələri ilə təmin edilmək istəyən müvafiq şəxslər qeydiyyata alınıblar. Həmçinin bərpa müalicəsinə ehtiyac duyan şəxslərin nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilməsi ilə bağlı tapşırıq verilib. "Hazırda nazirliyin Lənkəran rayonunda da əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi fəaliyyət göstərir. Ötən il və cari ilin 6 ayında Mərkəzdə 426 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib, - deyə qeyd edən S.Müslümov bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkədə əlilliyi olan şəxslər üçün bir sıra bərpa müalicəsi müəssisələrində artıq yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələcəkdə digər bərpa mərkəzlərində, o cümlədən Lənkəran rayonundakı Regional Bərpa Mərkəzində də reabilitasiya şəraitinin ən müasir tələblərə uyğun qurulması təmin ediləcək.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.