Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a bildirilib ki, bəyanatda deyilir: "Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı törədilmiş daha bir cinayət 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində baş verib. Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra öldürülüb. Dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara qarşı törədilən bu vəhşilik Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.
Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda törədilmiş qanlı terror hadisəsinə də toxunulub, bu hadisə haqında ətraflı məlumat verilib. Ermənistan prezidenti Sarkisyanın məşhur ifadəsi - "Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi sındıra bildik fikrinin bu ölkənin soyqırımı və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.
"Biz, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş bu cinayət hadisəsini qətiyyətlə pisləyir və ümid edirik ki, Rusiya Federasiyasının ictimai və siyasi təşkilatları bizim narahatlığımızı bizimlə bölüşür. Bütün Azərbaycan xalqına, eləcə də cəbhədə həlak olmuş həmvətənlərimizin doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk - deyə, bəyanatda bildirilib.