Böyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatına etiraz əlaməti olaraq piket keçirib. Ermənistan bu ölkədəki səfirliyinin binası qarşısında baş tutan etiraz aksiyasında Ermənistanın işğalçılıq siyasətini, habelə körpə ölümünə səbəb olan mənfur əməllərini pisləyən şüarlar səsləndirilib.
Aksiyaya çağırışı Londonda yaşayan tanınmış idmançımız, Kikboksun müxtəlif versiyalarında 4 dəfə Dünya çempionu olmuş Hafiz Baxşəliyev edib. O sosial şəbəkədəki hesabında tədbirin keçiriləcəyi məknaı və vaxtı yazaraq hərkəsi dəstək olmağa çağırıb.
Aksiya iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Aksiyanın sonunda Azərbaycanın dövlət himni səsləndirilib.
Hazırda Londonda yaşayan dünya çempion umuz Unikal.org-a danışıb.
- 9 iyul Londonda Ermənistan səfirliyi qarşısında keçirdiyiniz aksiyaya görə sizə necə reaksiya verdilər?
- Azərbaycanda baş verən hər bir hadisə biz qürbətdə olan vətəndaşlara da təsir edir. Son hadisəylə bağlı narahatlığımızı da əlimizdən gələn bir şəkildə bildirmək lazım olduğunu düşünərək belə bir təşəbbüslə düşmən səfirliyi qarşısında aksiya keçirdik.
Bir neçə nəfərlə məsləhətləşdikdən sonra çox da böyük olmayan aksiya keçirmək qərarına gəldik
Aksiyamız Çox mədəni şəkildə davam etməsinə baxmayaraq, ermənilər bizi provokasiya edirdilər. Əvvəl polisə bizi şikayət etmişdilər. Polis hər şeyin qaydaya uyğun olduğunu görüb bizə aksiyada uğur diləyərək ayrıldı.
- Səsinizə kimlər səs verdi? Qardaş ölkədən bu barədə hansısa dəstək gördünüzmü?
- Mən xüsusilə İrandan olan azərbaycanlıları qeyd etmək istəyirəm. Azərbaycanla bağlı olan bütün tədbirlərdə çox aktiv olurlar.
- Deyəsən aksiyaya övladınızı da aparmışdız?
- Mən həmişə övladımı Azərbaycanla bağlı olan tədbirlərə aparıram. Biz qürbətdə yaşayırıq. Ona görə də uşaqlar vətənimiz, dostumuz və düşmənimiz haqda xəbərdar olmalıdır.
- Həmin aksiyada sizdən abşqa da idmançı var idi?
- Təəssüflər olsun ki, burda məndən başqa yarışlara qatılan idmançımız yoxdur.
- Bəs ölkəmizdən bu addımı dəstəkləyənlər oldu?
- Azərbaycanda olan idmançı dostlarım və əsasən Kikboksinq federasiyası dəstəkləyir.
- Yenidən belə bir aksiyalar təşkil etməyi düşünürsünüz?
- Dua edək bir də belə hadisələr yaşanmasın. Biz Azərbaycana canımızla bağlıyıq. Əgər yenə bir hadisə olarsa hər an çıxmağa hazırıq.
Aygün İlqarqızı