2003-cü ildə keçmiş nişanlısı Vüqar Əliyevlə Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilən və 2015-ci il fevralın 20-də azadlığa buraxılan 1987-ci il təvəllüdlü Lamiyə Quliyevadan yeni xəbər var.
Unikal.org cebhe.info-ya istinadən bildirir ki, Lamiyə Quliyeva türkiyəli iş adamı ilə ailə həyatı qurmağa hazırlaşır.
Keçmiş məhkum ailə quraraq birdəfəlik Azərbaycanı tərk edəcək. Evlilik hazırlıqları aparan Lamiyə Quliyeva xeyli müddətdən artıqdır ki, Türkiyədə idi. Bir müddət əvvəl isə Lamiyə Quliyeva Şəmkirə qayıdıb və Azərbaycandan birdəfəlik getmək üçün övladının sənəd işləri ilə məşğul olub.
Məlumatları Lamiyə Quliyeva da qismən təsdiqləyib. O, həqiqətən də Azərbaycandan gedəcəyini və bu ölkə ilə heç bir bağlılığı olmayacağını etiraf edib. Hazırda övladının sənəd işləri ilə bağlı Şəmkirə gəldiyini deyən Lamiyə Quliyeva mətbuata bundan artıq açqlama verməyəcəyini vurğulayıb.
Lamiyə Quliyevanın vəkili olmuş Fəxrəddin Mehdiyev isə bundan xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, xeyli müddətdən çoxdur ki, müvəkkili ilə əlaqəsi yoxdur: "Mənim Lamiyə xanımla əlaqəm yoxdur və onun barəsindəki məlumatlardan da xəbərsizəm. Bizim çoxdandır ki, telefon əlaqələrimiz yoxdur. Əvvəllər ara-sıra əlaqə yaradırdıq, amma indi onunla əlaqə yarada bilmirəm. Anası ilə arada zəngləşirəm, amma ailə qurması ilə bağlı söhbət olmayıb. Yəqin, şəxsi məsələdir deyə danışılmayıb".
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. 2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb.
Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib. 2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2015-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Hazırda Lamiyə Quliyevanın Uğur adlı oğlu 1 yaş 7 aylıqdır.