Onu hamı sevirdi. Şövqlə ifa etdiyi "Liman, "Saçlarına gül düzüm, "Sən uzaq, yaşıl ada, "Kimlər gəldi, kimlər getdi, "Kəpənək, "Zəfəran, "Çay və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
Xalq Artisti, "Şöhrət ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin anadan olmasından 104 il ötür.
Hər dəfə Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər dinləyicini öz sehrinə salır.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi; cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.
Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.
Mirzə Babayev 30-dan artıq filmdə rol alıb: "Kölgələr sürünür, "Qaraca qız, "Sən niyə susursan, "Dəli Kür, "Dərviş Parisi partladır, "Qorxma, mən səninləyəm, "Bəyin oğurlanması.... "O olmasın, bu olsun filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud "Onu bağışlamaq olarmı? filmində Tərlanın mahnısını da o səsləndirib.
Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də vəfat edib.
Onun milli musiqi mədəniyyəti sahəsində xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.
İllər, qərinələr keçəcək, lakin Mirzə Babayevin ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaqda davam edəcək. Oxuduğu mahnıların birində deyildiyi kimi, özü bu dünyadan getsə də, səsi daim yaşayacaq.