Kənd camaatını dövlətin adından istifadə edərək aldadanlar kimlərdir?
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, ölkə başçısının bölgələrdə aparılacaq işlərlə bağlı verdiyi sərəncamdan bəzi şəxslər qazanc mənbəyi kimi istifadə edirlər.
Artıq neçənci dəfədir ki, rayon və kəndlərdən oxşar şikayətlər alırıq. Sakinlərə, "Torpağınızı dövlətə satın, burada əkin əkiləcək, sizin də pulunuz ödəniləcək deyən yerli məmurlar sonradan onların pulunu vermirlər.
Bu dəfə də oxşar şikayət aldıq. İmişli rayonu Qızılkənd kəndinin sakinləri özünü nazirlik əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən aldadılıblar. Bir neçə ay öncə kəndə gələrək, özlərini tam təqdim etməyən, amma nazirlikdən gəldiklərini deyən kostyumlu şəxslər sakinlərə onlara məxsus olan torpaqları satmalarını söyləyiblər.
Camaatı razı salmaq üçün isə onlara "fərman ilə gəlmişik deyiblər. Əvvəlcə bu şəxsə çox da inanmayan sakinlərin fikrini İmişli rayon icra hakimiyyətində çalışan Mirzə adlı şəxs dəyişdirib. İcra nümayəndəsi kənd sakinlərinə "Sənədlərə qol çəkin, narahat olmayın. Pulunuz 3-4 gün ərzində ödəniləcək. Dövlət sizi aldadası deyil ki dediyi üçün camaat da inanıb və torpağın pulunu almadan sənədlərə qol çəkiblər.
İndi isə pullarını ala bilmirlər. Sakinlərin sözlərinə görə, onlara indi torpağın 1 sotu üçün 15 manat təklif edirlər. Amma sənədlərə qol çəkən zaman daha yüksək məbləğ söz verilib:"Mənə 6 min manat demişdilər. Ona görə də razılaşdım. Həm də dövlətin adından gəliblər. Etiraz edəsi deyildim ki? Amma indi 22 sot torpağıma 300 manat verirlər. Heç bu pulu da vermirlər. Amma torpaqda iş gedir. 200-ə yaxın adamı bu formada aldadıblar. Hər gün də iş aparılan ərazidə qanunsuz olaraq mazut satılır.
Kənd sakinləri deyirlər ki, ərazidə iş aparılan zaman tarixi abidələr məhv edilib:"Bizim kənddə daha öncə də qızıl sikkələr aşkar edilmişdi. Bu haqda çoxlu xəbərlər yazılıb. Bu torpaqlarda iş aparılan zaman skilletlər aşkar edildi, amma səslərini çıxarmadılar, hamısını məhv elədilər. Bizim hüquqlarımız var. Onlara inanıb, icra nümayəndəsinə inanıb sənədlərə qol çəkmişik. Amma indi baxan yoxdur. İcra nümayəndəsi olan və vaxtı ilə bizə "Narahat olmayın, qol çəkin deyən Mirzə indi yaxına gəlmir. Hər şeyi boynundan atıb deyir ki, onluq deyil, qarışa bilməz. Torpağımızı əlimizdən alıb, pulumuzu da vermirlər. İndi biz dərdimizi kimə deyək? Bizə kömək edin.