Azərbaycanda son illərdə Su Nəqliyyatında Polis İdarəsinin fəaliyyətində müsbət istiqamətdə irəliləyişlər müşahidə edilir. Su nəqliyyatı obyektlərində cinayətkarlıq və digər hüquqpozmallarla, xüsusilə brakonyerliklə mübarizə sahəsində ciddi uğurların qazanıldığını danmaq mümkün deyil. İdarənin öz fəaliyyətində müasir texnologiyalardan faydalanmağa üstünlük verməsindən sonra bu uğurların miqyasının ilbəil genişləndiyi göz önündədir.
Bununla belə, müəyyən nöqsanların varlığı da inkar edilməməlidir.
Elə Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini Azər Paşayevlə bağlı redaksiyamıza daxil olan məlumat da bu qəbildəndir. Həmin məlumatda bildirilir ki, rəis müavinini qardaşı Adil Paşayevin Siyəzəndə 5 ədəd balıqçı qayığı var. Həmin balıqçı qayıqlarının təyinatı isə xüsusi maraq doğurur.
Belə ki, bu qayıqlar Xəzər sularında yalnız balıq ovu məqsədilə üzmürlər. İddialara görə, həmin balıqlar Dağıstan istiqamətindən Azərbaycana siqaret, spirtli içki və digər məhsullar da daşıyırlar.
Təbii ki, Adil Paşayevin qardaşının Su Nəqliyyatında Polis İdarəsinin yüksək post tutması həmin qayıqların təhlükəsiz şəkildə bu işlərlə məşğul olmasında mühüm rol oynayır.
Yayılan iddialarda onların Siyəzən rayonunda bir çox biznes obyektlərinin fəaliyyət göstərdiyi də bildirilir. Yuxarıda deyilənləri nəzərə aldıqda bu biznes obyektlərinin hansı pullar hesabına fəaliyyətə başladığını təxmin etmək çətin deyil.
Onu da deyək ki, haqqında danışılan həmin obyektlər arasında "Murad adlı şadlıq evinin adı xüsusilə ön plana çıxır. İdiialara görə, bura həm də Paşayev qardaşları üçün müxtəlif toplantıların keçirildiyi məkan funksiyasını da yerinə yetirir. Bu məqamda onların dini təriqətlərdən birinə xüsusi marağını da ötəri vurğulamaq da yerinə düşür.
Bundan başqa, maraq toqquşmalarının yaşandığı bəzi məmurlar haqqında və əksər hallarda haqsız şikayətlərin hazırlanaraq ictimaiyyətə ötürüldüyünü də qeyd etmək lazımdır.