Bakıda hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər lə açılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.

Belə ki, iyulun 16-da saat 11 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlunun aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib..

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qısqanclıq zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.