Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin tanınmış "Afro FM" radiosuna Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində işğalçı Ermənistanın təxribatları nəticəsində yaranmış son gərginliklə bağlı müsahibə verib.
 
Unikal.org xəbər verir ki, səfirlikdən APA-ya verilən məlumata görə, E. Abdullayev 2 aprel 2016-ci il tarixində Ermənistanın atəşkəs rejimini pozaraq, ağır silahlardan istifadə etməklə, təmas xətti boyu mülki əhalinin sıx yaşadığı məntəqələri və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutması barədə ətraflı məlumat verib.
 
Diplomat Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və ağır yaralandığını, eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğunu qeyd edib.

   
Azərbaycanın ərazi bütövlüyünün dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini qeyd edən E. Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiqlərin və ciddi təpkilərin göstərilməsinin vacibliyini vurğulayıb.