Respublika daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a bildiriblər ki, təkcə ötən gün ərzində nazirliyin müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.