Bakıda atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Emin Sadıqovun cinayət işi üzrə məhkəmə başlayıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən Emin Sadıqov özünü tam təqsirli bilib.

Məhkəmədə sərbəst ifadə verən E. Sadıqov əvvəllər də məhkumluq həyatı yaşadığını deyib: "Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də gəncliyimi. Atam bizi daima incidib, heç nədən evdə dava-dalaş salıb. Dəfələrlə ona yalvarırdıq ki, bizi incitməsin. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. Mənim taylarım məktəbə gedib, günlərini keçirib, amma mən məktəbə getmək, təhsil almaq əvəzinə fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam. Atam məni tez-tez evdən qovurdu. Həmin ərəfədə özümə maşın almışdım, taksi kimi istifadə edirdim. Məcbur qalaraq həmin maşında yatırdım. Küçələrdə qalmışdım.

Təqsirləndirilən şəxs bildirib ki, 28 yaşına kimi oğurluq etməyib: "Heç elə bir fikrim də olmayıb. Məcbur qalmışam. Oğurluq edən günü gecəni səhərə kimi yatmadım. Peşman olmuşdum. Səhərə qədər yata bilmədim. Səhər açılan kimi oğurluq etdiyimiz yerin sahibinə yaxınlaşdım. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də həbs olundum. Həbsxana həyatım da çox ağır keçib. İçəri düşəndən sonra atam evdəkiləri daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar.

E.Sadıqov qeyd edib ki, həbsdən çıxandan sonra atasına bu cür hərəkətlərə son qoymasını deyib: "Lakin o, yenə dəyişmədi. Sonradan evdəkilərin hamısı atamı tərk elədi. Çıxıb getdilər. Atama baxmağa başladım. Dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum var idi. Atama maşın aldım ki, taksilik edib, dolansın. 30 yaşım var idi, evlənmək istəyirdim. Atama dedim, gəl evi sataq, əlimizdəki pulla iki ev alaq. Birində qardaşımla anam, digərində atamla mən yaşayaq. Amma o, bununla razılaşmadı. Atam anamı öldürdəcəyini, bunun üçün narkoman killer tutacağını deyirdi. Anamı öldürmək üçün narkomana 1000 manat verəcəyini də deyirdi. Atamı öldürməyi, o öləndən sonra anamın, qardaşımın, bacımın rahat yaşayacağını düşündüm. 20 il həbsdə yatmaq fikrim olmayıb. Mən də bir insanam. Həmişə atama deyirdim ki, yola gəl, evdəkiləri yola ver.

Emin Sadıqov atasının əxlaqsız insan olduğunu, qonşuluqda qız-gəlinlərə söz atan biri olduğunu söyləyib: "Atam kimə gəldi söz atırdı, arvad kimi qeybət edirdi. Sonuncu dəfə atama yenə də xəbərdarlıq etdim. Amma o, xəbərdarlıqlarıma məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip alıb Hövsanda dəniz kənarına getdim. Orada özümü asdım. Amma ip sürüşkən idi deyə, alınmadı. İkinci dəfə özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı, yerə yıxıldım. Bu zaman 36-cı polis bölməsindən Elməddin adlı polis işçisi mənə zəng edib təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gedib təslim oldum.
Proses iyulun 26-da davam edəcək.

Qeyd edək ki, bu ilin martın 12-də Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb.

Bu zaman Emin Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanada tibbi yardım alıb.

İstintaq müəyyən edib ki, Emin Sadıqov bu hadisədən 6 ay əvvəl həbsdən çıxıb. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və mərc oyunlarına pul qoymağa başlayıb.
Nəticədə çıxılmaz vəziyyətə düşən Emin Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb.
Emin Sadıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.