Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Məcidov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin martında baş verib. Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N. Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədityi üçün N. Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb.
İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.