İyulun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xəttinə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb.
Bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.
Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017-ci il tarixli 251 nömrəli sərəncam ilə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə "MİD-17 MTK-ya ayrılıb və sözügedən şirkət tərəfindən yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlanılıb.
Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub.