Aprelin 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində necə uğurlu hücum əməliyyatı keçirdiyini düşmən hərbçiləri də etiraf edib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "RİA Novosti" agentliyinin Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, hazırda bu istiqamətdə nisbi sakitlik hökm sürür, ermənilər geri çəkiləndən sonra yeni mövqelərində möhkəmlənirlər və yeni mümkün döyüşlərə hazırlaşırlar. Rusiyalı jurnalist bir vaxtlar abad şəhər olan Cəbrayıldan indi xarabalıqların qaldığını, azərbaycanlıların evlərini tərk etməsindən sonra kəndlərin xarabalığa çevrildiyini yazır. Bildirir ki, hazırda Cəbrayılın xarabalıqları arasında erməni tankları gizlənib.

Erməni tank batalyonunun "zampolit"i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. "Bizi çox güclü işlədilər - mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər "Qrad" və "Uraqan" raketləri uçurdu ki, mən göyün üzünə baxıb "300 spartalı" filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmur"-erməni zabit danışır.


Artak deyir ki, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində -Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.

Reportajda deyilir ki, həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Xocavəndi də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. "Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar-köhnə T-72 lər yetişdi. İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar. Həmin döyüşdə "sağ qalan" texnika isə döyüşlərin başlaması ehtimalına qarşı təmas xəttinin yaxınlığında mövqe tutub"-RİA Novosti yazır.

"Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub"-erməni zabit qülləsi qopub yüz metr kənara düşən T-72 tankını göstərir. O, deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib - koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.

"Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar"-Artak deyir. "Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: "Salam, Vazgen!". Biz də onlara əl yelləyirik. Atəşkəsdir!"-erməni "zampolit" əlavə edir.