İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü və fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar mərasim keçirilib.
Unikal.org xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın yaranmasının 142-ci ildönümünün geniş qeyd olunduğunu bildirib. İyulun 20-də Azərbaycan Prezidentinin iştirakı ilə jurnalistlər üçün tikilən binada 255 jurnalistə mənzillərin verildiyini diqqətə çatdıran V.Səfərli bu humanist addımın ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. Qeyd edib ki, bu, dövlətimizin başçısının mətbuata yüksək diqqət və qayğısının göstəricisidir. 2009-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Fond ölkəmizdə mətbuatın inkişafı istiqamətində bir sıra layihələr, yazı müsabiqələri keçirir. Təsadüfi deyil ki, indiyədək Fond tərəfindən bu sahəyə, ümumilikdə, 31 milyon manatdan çox vəsait ayrılıb.
Milli mətbuatın 142-ci ildönümü münasibətilə keçirilən yazı müsabiqəsinə 147 yazının təqdim olunduğunu vurğulayan V.Səfərli məlumat verib ki, müsabiqədə 69 KİV iştirak edib, ümumilikdə, 19 istiqamətin hər biri üzrə 6 qalib müəyyənləşdirilib. İcraçı direktor müsabiqənin qaliblərini, eləcə də Azərbaycan mətbuatının bütün təmsilçilərini təbrik edib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, builki bayram jurnalistlər üçün ikiqat əlamətdardır. İki gün əvvəl mətbuatın dostu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərlə görüşünün uzun müddət xatırlanacağını vurğulayan Əli Həsənov deyib ki, dövlətimizin başçısının proqram xarakterli çıxışı həm Azərbaycan Mətbuat Şurasının, həm jurnalistlərin, həm də redaksiyaların, ümumilikdə, Azərbaycan jurnalistikasının gələcək fəaliyyətinin təməl prinsiplərini təşkil edir. Qeyd olunub ki, dövlətimizin başçısı həmin görüşdə milli jurnalistikamızın inkişafının əsas istiqamətləri, milli maraqların qorunması ilə bağlı dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər mühüm məsələlərlə bağlı dəyərli tövsiyələr verib.
Milli mətbuatın 142-ci ildönümü münasibətilə 255 jurnalistin yeni mənzillərlə təmin olunma sevincini yaşadığını vurğulayan Əli Həsənov bildirib ki, bu nəcib aksiyadan ən çox sevinc duyan məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.
Jurnalistlərin mənzillərlə təmin olunması ilə bağlı yaradılan komissiyanın bu istiqamətdə son dərəcə gərgin rejimdə fəaliyyət göstərdiyini qeyd edən Prezidentin köməkçisi cəmiyyətdə bu nəcib aksiyanın üzərinə kölgə salmağa cəhd edən bəzi qüvvələrin və şəxslərin olmasını təəssüf hissi ilə qeyd edib.
Çıxışlardan sonra fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.