Türkiyənin "İhlas" xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.
 
Unikal.org xəbər verir ki, bunu jurnalistin özü Facebook-da yazıb. 

Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: "Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca "işim" olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə " "Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz" sözləri idi". 

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: "Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim".