Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər rayonun keçmiş icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncamdan şikayətçidirlər.
Unikal.org xəbər verir ki, "Qafqazinfoya müraciət edən sakinlər həyətlərində yaşıllıqların məhv edilərək hündürmərtəbəli binaların tikilməsindən narahat olduqlarını bildiriblər: "5 ünvanı üzrə həyətdə 3 ədəd 9 mərtəbəli çoxbloklu, 1 ədəd 5 mərtəbəli yaşayış binası var. Həyət 4-bucaqlı formasında qapalıdır.
Yaşadığımız binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətdə ağacların kəsilməsinə etiraz etdikdə, tikinti şirkəti tərəfindən bu həyətdə 3 fin evinin sökülərək yerində hündürmərtəbəli bina tikiləcəyi bildirildi. Sakinlər aidiyyatı qurumlara ərizəylə müraciət etdi. Bu müraciətlərdən sonra həyətdə söküntü işləri dayandırıldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ayrı-ayrı vaxtlarda həyətə gəldilər və bu həyətdə hündürmərtəbəli binanın tikintisinin tikinti norma və şəhərsalma qaydalarına zidd olduğunu bildirdilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə ünvanladığı 1 may 2017-ci il və 16 may 2017-ci il tarixli məktublarda göstərilən həyətdə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı qeyd edilib. Ancaq buna baxmayaraq İbrahim Mehdiyev tərəfindən Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi, 30, 32, 34 saylı ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində "ELİTE CİTY MMC-ə 2 girişli yeni yaşayış binasının tikintisinə dair 21.06.2017-ci il tarixli 191 saylı sərəncam verilib.
Biz buna etiraz olaraq 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamın ləğvinə dair iddia qaldırmışıq. Aidiyyatı qurumlardan qanunsuz tikinti işlərinin aparılmasının dayandırılmasını, 300-ə yaxın ailənin yaşadığı həyətin abadlaşdırılmasını, yaşıllıqlar salınmasına göstəriş verilməsini xahiş edirik.