Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyası daxilindəki problemlərlə mətbuatın gündəmidir. Toğrul Əsgərovun getməsi xəbəri ilə qurumdakı bir çox məsələlər ortaya çıxmağa başladı.
Unikal.org-a daxil olan məlumata görə, AGF-də pulla bağlı ciddi müzakirələr getməkdədir.
Məşqçilər 1 ildən çox idi ki, maaş üzünə həsrət qalmışdılar. Həmçinin idmançılar da... Hətta güləşçilərə olimpiadadan sonra federasiya tərəfindən vəd edilən pul mükafatı da verilməmişdi.
İstər Yunan-roma, istər sərbəst, istərsə də qızlardan ibarət millilərdə maaş məsələsi böyük problemə çevrilmişdi.
Unikal.org-un əldə etdiyi məlumata görə, növbəti dəfə problemləri Yunan-Roma güləşçilərimiz gündəmə gətirmişdi. Məlumatda bildirilirdi ki, ilk Avropa Oyunlarının qalibi, dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev də federasiyadan alacağı maaşı gözləyirdi.
Komanda yoldaşları kimi o da olimpiadadan sonra federasiyanın boyun olduğu pul mükafatını ala bilməmişdi.
Bundan əlavə 2 qat Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və ikiqat Avropa çempionu Rövşən Bayramov, Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev də maş problemi ilə üz-üzə qalanlar sırasında idi.
İş o yerə gəlib çatmışdı ki, idmançılar qarşıdakı dünya çempionatını baykot etməyə hazırlaşırdı. Hətta bunun üçün idmançılar mətbuat üzvləri ilə görüşüb problemlərini dilə gətirməyi düşünürdü. Aldığımız məlumata görə, federasiya rəhbərliyi məsələnin MOK-a çıxmaması üçün tədbir görüb. Rəhbərlik millinin üzvləri ilə görüşərək maaş məsələsinini həll edəcəyini deyib. Artıq idmançılarımız 1 ildir ki, almadıqları maaş üçün növbəyə dayanıblar. Ancaq AGF rəhbərliyi olimpiya mükafatı üçün hələ bir müddət gözləməyi xahiş edib.
Məsələ bununla bitməyib. Azərbaycan Güləş Federasiyası Türkmənistana yola düşməyə hazırlaşan iki qat olimpiya finalçısı, olimpiadanın qızıl medalçısı Toğrul Əsgərovla da razılaşmaq üçün masa arxasına əyləşiblər. Onun da probleminin həlllinə çalışılacağı və komanda da qalması üçün razılaşması ilə bağlı söhbət aparılıb. T.Əsgərovun qalıb-qalmaması bir neçə gün sonra dəqiq məlum olacaq.