Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-də hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.