ABŞ-da aktiv neft quyularının sayı ötən həftə 1 ədəd azalma göstərdikdən sonra bu həftə yenidən artıma keçib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə avqustun 5-dən avqustun 11-dək davam edən həftə ərzində 5 ədəd və yaxud 0,52% azalaraq 949 ədəd təşkil edib.Bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti xəbər verib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 7 həftə ərzində dörd dəfə azalma, bir dəfə sabitlik, iki dəfə isə artım nümayiş etdirib. Nəticədə, ABŞ-da neft hasilatı hesabat həftəsində 7 min barel/gün və ya 0,07% azalaraq 9,423 mln. barel/gün təşkil edib.
Son hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,39% artaraq 768 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,23% azalaraq 181 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 372 və yaxud 93,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 118,1%, ümumilikdə isə neft-qaz quyularının sayı 468 ədəd və yaxud 97,3% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,43 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,26% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".