Atam içki düşkünü idi. Kənddə o adam yox idi ki, onun əyyaş olduğunu bilməsin. Anam dözməyib başqa kənddən birinə qoşulub qaçmışdı. Uşaq vaxtdan nəzarətsiz qalan qardaşım da qumarbazlığa və əyyaşlığa qurşanmışdı.

Mən oxumaq, bu zibillikdən, həyatın dibindən çıxmaq istəyirdim. Ancaq məktəbdəki tənələr canımı boğazıma yığmışdı. 9-cu sinifdə coğrafiya müəllimim yambızıma əl atanda qərarlaşdırdım ki, bu qədər də olmaz, məktəbi tərk etməliyəm.

Səhər dərsə getmədim. O gündən sonra ümumiyyətlə, evə qapandım. Kitablarımı yandırdım, məktəb paltarlarımı cırıb evimizin pəncərələrinin aynası qırıq yerlərinə tıxadım.

Yaxşı oxuduğuma görə direktorumuz arxamca bir neçə dəfə ismarıç göndərdi. Amma mən artıq qərarımı vermişdim.

***

Yay tətilində Bakıda yaşayan əmim, arvadı və oğlu Nurlan ilə kəndə gəlmişdi. Əmim oğlu univetsitet tələbəsiydi. Qardaşım kimi çox istəyirdim onu. Hər zaman qulluğunda durardım. Köynəyini, şalvarını, alt paltarını belə özüm yuyardım.

O da məni çox istədiyini deyərdi. Bayramlarda, ad günlərimdə, şad günlərimdə adımı tutar, ayından-oyundan alıb gətirər, bir dəm unutmazdı. Hələ bir dəfə telefon da almışdı mənimlə əlaqəni üzməmək üçün. Qumarda uduzduğu günlərin birində qardaşım əlimdən alıb satmışdı həmin telefonu.

...Evdəkilər harasa getmişdilər. Evdə əmim oğlu ilə ikimiz tək qalası olmuşduq.

Divanda oturub gözümüzü televizora zilləmişdik. Birdən o üzünü mənə çevirib dedi:

- Bu nə gözəllik qız!

Güldüm. Heç bir cavab vermədim.

O əyilib boyun-boğazımdan öpməyə başladı. O qədər təhrik olmuşdum ki, əlindən çıxa bilmədim. Dodaqlarımdan öpdü. Sonra öpə-öpə məni yatan otağa çəkdi. Dəli kimi öpürdü, qızmışdı...

Evdəkilər qayıdanda əmim oğlunun çirkin niyyəti sayəsində mən artıq bakirə deyildim...

Bundan bir neçə gün sonra əmim Nurlan məni çimdikləyən yerdə gördü. Bu dəmdə bibim qolumdan çəkib evə dartdı:

- Gəl, əmin Nurlanla söhbət edəcək. Eşitməsən yaxşıdı, - dedi.

Pəncərəmizın dəlik-deşik yerlərindən baxanda əmimin Nurlanı döydüyünü gördüm:

- Qızı niyə çimdikləyirdin? Ayə, nəslimizdə sənin kimisi çıxmamışdı, sən hardan peyda oldun? O sənin bacındı, bilmirsən? Qancığın balası, bu nə işdi açdın başımıza?!

Həmin günün səhəri qayıtdılar Bakıya. Daha məktub yazmırdı Nurlan. Aldığını almışdı məndən. Nəyinə lazım idim onun?!

Özümü təhqir olunmuş sayırdım, çox pis olmuşdum. Həyatın dibindən çıxım deyərkən, getdikcə dibinə batmışdım. Amma öldürə bilməzdim özümü, qorxurdum. Gərək elə öldürəydim...

***
Həyat sürünə-sürünə, süründürə-süründürə davam edirdi. Qohum-qonşu qapısında bir tikə çörək tapanda yeyir, tapmayanda qismətimə kor olub girirdim damın altına. Dədə kimi dədəliyini, qardaş kimi qardaşlığını görmədiyim o iki adam da bir gələndə bir ay da gəlməzdi evə.
Əmi, dayı, qohum-əqraba, xala-bibi hamısı atmışdılar məni. Heç birindən zərrə qədər diqqət ummurdum da. Çünki anamdan sonra ətrafımda toplaşan özgələrlə yanaşı, onlar da burunlamışdılar məni. Haraya getdim, hansının qapısını açdım geri təpdilər ki, sən adda adam tanımırıq.

Bu gün hamıya nifrət edirəm anamdan sonra bizi tək buraxdıqları üçün...

***

Bir axşam atam hövlnak evə gəldi. Gah başını qaşıyırdı, gah üzünü. Qəfil üzünü mənə çevirib dedi:

- Hazır ol, qonaqlarımız gələcək!

- Kim?

- Dostlarım gələcək, yumurta qaynat, soğan doğra, pendir-çörək hazırla, onlara qonaqlıq borcum var.

Dediklərini hazırladım. Bir saat sonra iki nəfər bığıburma kişi gəldi. Amma atam yox idi yanlarında. Yaşları az olsa da, görünür, atam kimi günləri içməklə keçdiyindən üzlərinin dərisi qırış-qırış, əlləri qabar-qabar idi.

Salamladılar, uzun saçlarımı oxşadılar qabarıq əlləri ilə. Atamı soruşdum cavab vermədilər. İcazəsiz filan evə keçdilər, zülm-əziyyətlə düzüb-qoşduğum süfrənin başına keçdilər. Yedilər, özləri gətirdikləri araqdan içdilər...

Ürəyimə dammışdı, nəsə pis hadisə olmalıydı bu gün. Qorxmuşdum, çox qorxmuşdum.

Bu adamlar yeyib-içən zaman mən həyətə enmişdim. Səhər ertədən yuyub sərdiyim paltarları yığırdım ki, bir nəfərin kövrək qollarımdan yapışdığını, boynumu öpdüyünü hiss etdim. Üzümü arxaya çevirəndə gördüm ki, atamın qonaqlarından biridir. Qaçmağa cəhd etdim, amma bərk tutmuşdu məni. Çırpındım, bağırmağa çalışdım. Tez ağzımı tutub dedi:

- Atan səni bizə satıb.

Evə apardı məni. İkisi də səhərə kimi zorladılar. O alıb buna, bu alıb ona ötürürdü...

***

Bu hadisədən bir həftə sonra qardaşım axşama yaxın evə gəldi. Salam-kəlam, hal-əhval soruşmadan üstümə bağırdı:

- Ən yaxşı paltarını geyin, gedirik!

Dədəmin 5 il qabaq aldığı donumu geyib çıxdım. Məni bir oğlanın əyləşdiyi maşına mindirdi, özü minmədi. Bildim ki, yenə başıma oyun açacaqlar.

Bəli, "qeyrətli" qardaşımın sayəsində yenə həmin, hisslər, həmin həngamə. Səhərə kimi anam ağladı.

***

Odur-budur qaçmışam kənddən. Heç özüm-özümün yerimi-yurdumu bilmirəm. Və bu günlərdə eşitmişəm ki, atam və qardaşım axtarırlar məni...

Ölke.az