Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində partlamamış mərmi aşkar edilib.
Bu barədə unikal.org-a Nazirlər Kabineti yanında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilib ki, avqustun 14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatların ətrafında 240 kv.metr əraziyə yeraltı və 900 kv.m əraziyə isə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.