Bu dəfə oxucularımızın bizə ünvanlandığı daha iki suala cavab tapmağa çalışacağıq.
Unikal.org publika.az-a istinadən bildirir ki, sualları vəkil Dünyamin Novruzov cavabalandırır.
Mingəçevir sakini Yusif Muxtarov: Mərhum atamın üç vərəsəsi var. Miras qalan mənzilə dair hüquqlarımızı qeydə aldırana qədər qardaşlarımdan biri mənzilə dair yalnız öz adına çıxarış almış və bankdan götürdüyü kreditin təminatı kimi mənzili bankın xeyrinə yüklü edib. Biz, yəni digər iki vərəsə məhkəmə vasitəsilə mənzilə dair mülkiyyət hüquqlarımızı bərpa etsək də, mənzilimizi ipotekadan azad edə bilmədik, halbuki biz həmin mənzili ipoteka qoymamışıq. Bu, nə dərəcədə qanuna uyğundur?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 271.1-ci maddəsinə görə, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
MM-in 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
MM-in 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Beləliklə, qeyd edilən normalardan aydın olduğu kimi, qanun ipoteka hüququnu vicdanlı şəkildə əldə etmiş şəxslərin hüquqlarına təminat verir. Nəzərə almalısınız ki, bank mənzil üzərində ipoteka hüququnu etibarsız (MM-in 271-ci maddəsinin 1-ci cümləsi, 337.1 və 337.4-cü maddələrinin tələbinə görə) ipoteka müqaviləsi əsasında deyil, birbaşa qanuna (MM-in 140, 149.2 və 271.1-ci maddələrinə) söykənməklə əldə etmişdir. Bu mənada ipoteka müqaviləsinin etibarsızlığı bankın ipoteka hüququnun itirilməsinə səbəb ola bilməz. Çünki bank burada hüququ vicdanlı əldə edən şəxs kimi çıxış edir.
Masazır qəsəbəsindən Canəli Əliyev: Mülkiyyətimdə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişəm. Lakin bu zaman zəruri icazələri almamışam. Məhkəmə qərarı ilə həmin evi sənədləşdirmək istəyirəm. Məhkəməyə müraciət edərək həmin fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini tələb edə bilərəm?
Cavab:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələbinə görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.6-cı maddə). MPM-in 306, 307.2.6, 308 və 310-cu maddələrinin analizi belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə tərəfindən bu cür faktın müəyyən edilməsi üçün aşağıdakı şərtlərin məcmu halda mövcudluğu tələb edilir: 1) Əmlak daşınmaz əmlak kateqoriyasına aid olmalıdır; 2) Ərizəçidə əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olub, lakin həmin sənəd itirilib; 3) Daşınmaz əmlaka dair hüquq barəsində mübahisə yoxdur; 4) müvafiq səlahiyyətli dövlət orqanları hüquq müəyyən edici sənədin təkrarən verilməsindən imtina ediblər və ya həmin sənədin bərpası mümkün deyil. Yalnız bu 4 şərtin eyni vaxtda mövcudluğu halında işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər.
Əgər ərizəçinin daşınmaz əmlaka dair hüquq müəyyən edici sənədi ümumiyyətlə olmayıbsa və ya onların bərpası, dublikatının alınması mümkündürsə, onda ərizə MPM-in 306.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Başqa sözlə, xüsusi icraat qaydasında müəyyənləşdirilən fakt əmlakın mülkiyyət hüququ ilə şəxsin məxsusluğunu ilkin müəyyənləşdirən, hüquq yaradıcı fakt kimi çıxış edə bilməz. Təsadüfi deyil ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini əvvəllər mülkiyyətçi olmayan şəxsin əmlaka mülkiyyət hüququnu əldə etməsi əsası kimi nəzərdə tutmur. Bu mənada, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ərizəçinin qanunla qorunan marağının başqa yolla müdafiəsinin mümkün olmadığı hallarda ərizəçinin əvvəllər mövcud olmuş hüququn müəyyənləşdirilməsi, bu hüququn təsdiqi üsulu kimi çıxır edir.
Beləliklə, yuxarıda göstərilənlərə əsasən və xüsusi icraat işləri subyektiv hüququn deyil, "qanunla qorunan marağın" müdafiəsi ilə xarakterizə olunduğundan xüsusi icraat qaydasında göstərilən tələblə çıxış etməyiniz əsaslı hesab oluna bilməz.