Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Ə. Həsənov İndoneziyanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatlarda həmişə Azərbaycanın haqq işini dəstəklədiyini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazirin müavini deyib ki, işğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır: "Bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq, görərik ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır. Məhz elə buna görə də Azərbaycan prezidenti İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb".
İndoneziya səfiri H. B. Fanani iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib. O, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb. Eyni zamanda, İndoneziyanın dünyada ən böyük müsəlman ölkəsi kimi prezident İlham Əliyevin həmrəyliklə bağlı çağırışlarını dəstəklədiklərini diqqətə çatdırıb, İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı haqlı mövqeyini dəstəklədiyini nəzərə çatdırıb. Səfir ölkəsində baş verən təbii fəlakətlər zamanı göstərilə köməkliklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Diplomat regionlarda səfərdə olduğunu, Mingəçevir şəhərində məcburi köçkünlərlə görüşdüyünü diqqətə çatdırıb.
H. B. Fanani sentyabr ayında Azərbaycanda İndoneziya mədəniyyət festivalının keçiriləcəyini və məcburi köçkünlərin də burada iştirak etmələrinin vacibliyini bildirib.