Sumqayıtda yol patrul xidmətinin əməkdaşları qadının çantasını soyğunçuluq yolu ilə alan şəxsi hadisə yerində bir neçə yüz metr kənarda saxlayıb.
DİN-dən unikal.org-a verilən məlumata görə, ictimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Sumqayıt şəhəri ərazisində baş verib.
Belə ki, avqust ayının 16-da Sumqayıt şəhəri Zülfü Hacıyev küçəsində naməlum şəxs yolu keçən bir qadının içərisində qızıl-zinət əşyaları, bank kartı və pul olan çantasını alaraq qaçıb. Bu zaman qadın yaxınlıqda xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat verib və onlardan kömək istəyib. Ərazidə xidmət aparan Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları baş serjantlar Sahib Əkbərov və İsa Hüseynov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alaraq qaçan şəxsi təqib etməyə başlayıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq ələ keçirdiyi maddi sübutlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) təhvil verilib.
Araşdırma zamanı cinayət törədərək qaçmağa cəhd göstərən şəxsin Bakı şəhər sakini Nizami Ağəliyev olduğu məlum olub və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.