Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Unikal.org-un məlumatına görə, "Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, "Şəmkir çayı üzərində dəryaçanın tikintisi kompleks layihəsinə daxil edilmiş və ötən əsrin 80-ci illərində tikilmiş Şəmkir maşın kanalının davamı olaraq, 2015-ci ildən uzunluğu 27 kilometrdən çox olan kanalın ikinci növbəsinin tikintisinə başlanılıb. Bu layihənin icrası sayəsində suvarma su mənbəyi işğal zonasında qalan Goranboy rayonunun 26 min hektardan çox torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Ötən il kanalın 8 kilometrdən çox hissəsinin tikintisi tamamlanıb və Goranboy, həmçinin Samux rayonlarında 8 min hektar sahəyə suvarma suyu çatdırılıb. Kanalın kəsişmə qurğusunun və onun qalan 19 kilometrlik hissəsinin tikintisinin tamamlanması ilə Goranboy rayonunun daha 18 min 584 hektar torpaq sahələrinə suvarma suyu çatdırılmaqla bu sahələrdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına nail olunacaq. Hazırda kanalın 4,5 kilometrlik hissəsinin tikintisi üzrə tamamlama işləri davam etdirilir. Eyni zamanda, Şəmkir maşın kanalından Goranboy və Samux rayonlarında yeni yaradılmış aqroparka məxsus 4700 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün hazırda boru kəmərinin və hovuzun tikintisi işləri aparılır. 1980-ci illərdə inşa olunmuş Şəmkir maşın kanalının birinci növbəsinin layihə üzrə tikinti işləri tamamlanmadığından və təbii amillərin təsirindən beton üzlüyü aşınıb və bəzi yerlərdə çökmələr baş verib. Kür çayı üzərindəki Şəmkir su anbarından kanala əlavə su verilməsi və bu sulardan səmərəli istifadə edilməsi məqsədilə kanalın bu hissəsinin təmir-bərpasına ehtiyac var. Ümumiyyətlə, layihənin tam başa çatdırılması ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 27 min hektarı yeni suvarılan torpaqlar olmaqla 94 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.
Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basıb.
Dövlət başçısı daha sonra Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib. "Azəravtoyol ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirildi ki, uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və körpü tikilib, 16 yerdə avtobus dayanacağı quraşdırılıb. 23 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilib.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.