Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq "Yenikənd yarımstansiyası istifadəyə verilib.

Unikal.org xəbər verir ki, "Azərişıq ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq "1-ci Poylu və "2-ci Poylu, 6 kV-luq "Qırmızı Samux, "Yenikənd, "Fövqəladə hallar hava xətləri qurulub. 35 kV-luq "1-ci və 2-ci Poylu hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan "Lüksemburq adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.

Samux rayonunda 35/10 kV-luq "Qarayeri yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.

Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub.