Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.
Unikal.org XİN-in saytına istinadən verdiyi məlumata görə, səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Nazir Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Auqusto Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair Elmar Məmmədyarova məlumat verib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.