Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir. Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

Bundan başqa, Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda, Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməlidir.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.