Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində fəal iştirak etməkdə davam edirlər.

Unikal.org xəbər verir ki, Azərbaycan FHN-nin Gürcüstana ezam olunmuş əməkdaşı Toğrul Mehdiyev APA-ya bildirib ki, yanğın ərazisində nisbətən çətin sahələr Azərbaycan yanğınsöndürənlərinə həvalə olunur.

"Bu gün bizə həvalə olunmuş 4 hektara yaxın ərazidə yanğının söndürülməsini başa çatdırmışıq. Azərbaycan FHN-nin şəxsi heyəti yeni tapşırıqları yerinə yetirmək üçün hazırlıq səviyyəsinə gətirilib" - deyə T. Mehdiyev qeyd edib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.