Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, yeni mövsümün püşkündən sonra UEFA yarışın tarixi ərzində qeydə alınan ən yüksək göstəricilərin siyahısını dərc edib.
Azərbaycan klublarından "Qəbələ" də siyahıda yer alıb. Əyalət klubunun 2015/16 və 2016/17 mövsümlərindəki nailiyyəti hələ də keçilməzdi.
Söhbət Roman Qriqorçukun yetirmələrinin ardıcıl 2 mövsümdə 4 mərhələ keçməsindən gedir. "Qırmızı-qaralar" I təsnifat mərhələsindən qrupa qədər irəliləyən komandalarla bağlı statistikada mövqeyini qoruyub.
Düzdü, "Qəbələ" cari mövsümədək ardıcıl 2 dəfə bunu bacaran yeganə komanda idisə, artıq Avropa rekordçusunun şəriki də var. Belə ki, Təl-Əviv "Makkabi"si cari mövsümdə 4 mərhələ keçib. Ötən il də eyni uğuru olan İsrail klubu "Qəbələ"yə məxsus rekordu təkrarlayıb.
Bu iki klub həm də ümumi uğur sayında ön sıralardadı. Çünki ümumilikdə 3 komanda 2 dəfə I təsnifat mərhələsindən qrupa düşüb. 3-cü belə klub Norveç "Rusenborq"udu. 2012/13 və 2015/16 mövsümlərində uğur qazanan şimallılar ardıcıl sevinməkdə "Qəbələ" və "Makkabi"dən geri qalır.
Ümumilikdə isə cari mövsümdə 3 komanda - "Makkabi", "Srvena Zvezda" və "Skenderbeu" 4 mərhələ adlayıb. Adı çəkilən klublardan başqa, "Fulhem" (2011/12), "Tvente" (2012/13) və "Tromse" (2013/14) qrupa qədər 4 tur adlayıb.