Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Ölkə Prezidentinin himayəsi ilə Naxçıvana təbii qazın verilməsi, yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Lakin muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq payız-qış mövsümünə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılmalı, mövcud infrastruktur daha da təkmilləşdirilməli və müvafiq tədbirlər həyata keçirilməlidir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, "Naxçıvanqaz İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Hər bir ölkənin, regionun sosial-iqtisadi inkişafı enerji təhlükəsizliyinin təmin olunmasından asılıdır. Uzun müddətdən bəri blokada şəraitində yaşayan və kəskin iqlim şəraitinə malik olan muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Ümummilli Liderimizin, hal-hazırda isə ölkə Prezidentinin göstərdiyi qayğı nəticəsində muxtar respublikada enerji təhlükəsizliyi təmin olunub. Buna baxmayaraq muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır, əvvəlki dövrlərdə yol verilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılır. Bu gün muxtar respublikada enerji tutumlu yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, əhali məskunlaşmasında müşahidə olunan artım, yaşayış səviyyəsinin yaxşılaşması təbii olaraq elektrik enerjisinə və qaza olan tələbatı da artırır. Bu tələbatı ödəmək, istehlakçıları fasiləsiz qaz və elektrik enerjisi ilə təmin etmək üçün infrastrukturun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bundan əlavə, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün də müvafiq işlər görülür. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, Şahbuz və Culfa rayon mərkəzləri və ətraf kəndləri fasiləsiz içməli su ilə təmin edilir. Digər rayon mərkəzlərində də bununla bağlı tədbirlər görülür. Görülmüş işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunması, normal iş şəraitinin yaradılması üçündür. Bu rahatlığın qış aylarında da qorunub saxlanılması, yarana biləcək problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə indidən başlamalı, lazımi mal-material ehtiyatı yaratmalıyıq.

Ali Məclisin Sədri deyib ki, Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan, standartlara uyğun gəlməyən, bəzi hallarda isə qəzaların baş verməsinə səbəb olan avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsinə diqqəti artırmalı, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsini başa çatdırmalıdır. Energetika sisteminin normal fəaliyyəti üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını diqqət mərkəzində saxlamalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməli, elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz olunmalıdır. Enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri davam etdirilməli, bütün istehlakçı qrupları üzrə istifadə olunan enerjinin dəyərinin toplanması təmin olunmalı, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görülməlidir.

"Naxçıvanqaz İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Təbii qazın şaxtalı hava şəraitində nəqli üçün hazırlıq işləri vaxtında başa çatdırılmalı, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanmalı, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir.

Ali Məclisin Sədri deyib ki, şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemləri araşdırıb nöqsanları aradan qaldırmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik, su və kanalizasiya xətlərinin istismar üçün yararlılığını yoxlayıb, müvafiq tədbirlər görməlidirlər. Qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanılmasına diqqət artırılmalıdır.

Qeyd olunub ki, son illər aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, muxtar respublikanın əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz olunub. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, zəruri yanacaq ehtiyatının yaradılması üçün müvafiq tədbirlər həyata keçirməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməlidir.

Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımı maliyyə vəsaitinin ayrılmasını, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamalıdır. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verməməli, istehlak olunan qazın və enerjinin dəyəri vaxtında ödənilməlidir. Nəqliyyat Nazirliyi qış aylarında xəttə buraxılacaq nəqliyyat vasitələrinin qrafik üzrə hərəkətinə, Daxili İşlər Nazirliyi ilə birlikdə həmin nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Şirkəti magistral yollarda qum ehtiyatı yaradılmasını təmin etməli, yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasına nəzarəti artırmalıdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sisteminin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılmasına nail olmalıdır. "Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verməməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.

Tapşırılıb ki, İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü təşkil etməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatı üçün tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi poçt və rabitə xidmətlərinin fəaliyyətini daha da gücləndirməli, mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlar birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxiləyə, sayğacdankənar istifadə hallarına qarşı reydlərin keçirilməsini davam etdirməlidirlər.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin və payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.