Azərbaycan qılıncoynadanı Sabina Mikina 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, 29 yaşlı sablyaçı bu nailiyyətə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Təsnifat Turnirində imza atıb.
Mikina ardıcıl olaraq Katerin Kempi (Böyük Britaniya) 15:9, Anna Limbaxı (Almaniya) 15:8 və Palina Kaspyaroviçi (Bolqarıstan) 15:11 hesabı ilə yenərək, yarışın qalibi olub. O, turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya sahib çıxıb. Bu, Azərbaycanın qılıncoynatmada ilk, ümumilikdə isə 42-ci lisenziyası olub.
Qeyd edək ki, Sabina Mikina ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı olimpiya, dünya və Avropa çempionu, eləcə də ötən il "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş Olqa Xarlana uduzaraq, mübarizəni dayandırıb.