""Amnesty Press"in müxbiri İzabella Rozenqrinin Dağlıq Qarabağa səfəri qanunsuzdur".
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Amnesty International" təşkilatına bağlı media orqanı olan "Amnesty Press"də avqustun 15-də Dağlıq Qarabağ münaqişəsinə dair yayımlanmış məqaləni və onun müəllifinin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. O bildirib ki, bu səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmayıb.
H. Hacıyev qeyd edib ki, obyektiv jurnalist prinsipindən kənar şəkildə sözügedən yazıda Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri təşviq olunur: "Bu yazı qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Münaqişələrin işıqlandırılması zamanı obyektiv media prinsipləri hər iki tərəfin baxışlarının işıqlandırılmasını tələb etdiyi halda, burada yalnız birtərəfli qaydada təbliğat aparılır. Bu isə onun sifarişli xarakter daşıdığından xəbər verir".
H. Hacıyev əlavə edib ki, səfərlə bağlı XİN tərəfindən araşdırma aparılır və həmin şəxsin "arzuolunmaz şəxslər" siyahısına salınması istisna deyil.