Bu gün Bakı Apellyasiya Məhkəməsində "Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.
Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, M.Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.
Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.