Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncamda bildirilib ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib: "Bu tədbirlərin davamı olaraq, Biləsuvar şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, diametrləri 200-500 mm, uzunluğu 4,36 km olan kanalizasiya şəbəkəsinin, diametri 800 mm, uzunluğu 2,9 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 178000 kvadratmetr asfalt örtüyündən 30000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb".
Sərəncama əsasən, Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən "Azərsu Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.