Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın ictimai-siyasi xadimləri, media nümayəndələri iştirak edib. Tədbirin açılışında hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən səfir Erkan Özoral əvvəlcə Türkiyə prezidentinin 30 avqust mesajını oxuyub. O bildirib ki, 30 avqust zəfəri ilə türk milləti azad yaşama iradəsini dünyaya elan edib. Onun sözlərinə görə, Türkiyə 95 il əvvəl olduğu kimi, bu gün də iqtisadi və siyasi təhdidlərlə mübarizə aparır: "Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsi vətəndaşlarının can güvənliyini və qlobal təhlükəsizliyi təmin edir. Ölkəmiz hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malikdir".