Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda "Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.

Unika.org-un xəbərinə görə, diqqətə çatdırılıb ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.

Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min "Hallabonq sitrus meyvəsinin ağacları əkilib.

Dövlət başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olundu. Bildirilib ki, hazırda suvarma damcı üsulu ilə həyata keçirilir və çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən "Hallabonq sitrus bağlarında yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr istehsal olunacaq və məhsuldarlıq hektarda orta hesabla 35-45 ton təşkil edəcək. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur. Tədarük olunacaq meyvələrdən təzə halda və sənayenin qida, qənnadı, kosmetik, ətriyyat və digər sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi planlaşdırılır. Rayonda fəaliyyət göstərən "Gilan Holdingin Lənkəran konserv zavodunda daxili bazarda satış üçün meyvə şirəsi istehsal olunacaq.

Prezident İlham Əliyevə məlumat verildi ki, 100 hektar sitrus təsərrüfatından, ümumilikdə, 4 min ton məhsul götürülməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfatın 500 hektaradək genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.

Təsərrüfatda, ümumilikdə, 200 nəfər işlə təmin olunub.