"Bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var".
Unikal.org-un xəbərinə görə, bunu prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2 layihəsi çərçivəsində inşa edilən "Xankəndi sualtı tikinti gəmisinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, 1994-cü ildə "Əsrin kontraktı imzalananda Azərbaycanı istəməyən bəzi qüvvələr - həm ölkə daxilində, həm xarici qüvvələr Azərbaycanda kifayət qədər neft olmadığını, "Azəri-Çıraq-Günəşlidə neftin az olduğunu bildirib.
"Onlar deyirdilər ki, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz "Azəri-Çıraq-Günəşlidən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşlidən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.
"Şahdənizə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək", - deyə dövlət başçısı vurğulayıb.