Çin Xalq Respublikasının ən böyük sənaye mərkəzlərindən olan Çunçin şəhərinin nümayəndə heyəti Sumqayıt şəhərində səfərdə olub.
Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çunçin şəhərinin rəsmisi Zen Cianı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Şəhər rəhbəri qonaqları salamlayaraq onları Sumqayıtda görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Sumqayıt şəhərində ilk dəfə olduqlarını vurğulayan çinli qonaqlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə Çunçin və Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf prespektivləri müzakirə olunub. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.