Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Müəllif Hüquqları Agentliyində (bundan sonra - Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Agentliyin yenidən təşkili və ləğv edilməsi.
Nazirlər Kabinetinə strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi, Agentliyə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Nazirlər Kabineti Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etməli, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etməli, Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etməli, nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmanda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 000 000 manat təşkil edir, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır, Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Nazirlər Kabineti, təsisçinin "Publik hüquqi şəxslər haqqında qanunda qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir, Agentlik dövlət qeydiyyatına alındığı gündən Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə "Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununda nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Nazirlər Kabineti həyata keçirir.
Agentlik dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli, dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməli, Maliyyə Nazirliyi bu fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etməlidir.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.