Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov sentyabrın 7-də Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
MN-dən unikal.org-a verilən məlumata görə, N. Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N. Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını və onun beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib strateji tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ordu generalı V.Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.